Yardım yetişmədi | Məhbus üçün yığılan pullar başqa adama göndərilib

Yardım yetişmədi | Məhbus üçün yığılan pullar başqa adama göndərilib
  09 Sentyabr 2017    Oxunub:20759
Məlum olduğu kimi, Avropada yaşayan bəzi həmyerlilərimiz yeni bir “xeyiriyyə” kampaniyasına start veriblər. Başda Nahid Cəfərov olmaqla, bir qrup gəncin başlatdığı bu kampaniya Azərbaycanda hazırda məhbus həyatı yaşayan bəzi şəxslərin ailələrinə maddi dəstək məqsədi daşıyır.
Uzun müddətdir aksiya haqqında sosial şəbəkələrdə bu istiqamətdə geniş təbliğat işi aparılır. Hətta daha artıq pul yığmaq üçün bir neçə bank hesabı da açılmışdı. Elanlarda bildirilir ki, xaricdə yaşayan həmyerlilərimiz həmin hesablara 10 avro məbləğində pul köçürməklə aksiyaya qoşula bilərlər.

Bir neçə gün bundan əvvəl kampaniyanı təşkil edən şəxslər tərəfindən bəyan edildi ki, “seçilmiş” dustaqlar - Tofiq Həsənli və Əfqan Muxtarlının ailələrinə 200 manat məbləğində yardım edilib. Çox güman, xaricdə yaşayan sadəlövh həmyerlilərimiz Nahid Cəfərovun bu yalan bəyanatına dərhal inanıblar. İnandıqlarına görədir ki, hələ də aksiyaya qoşularaq məlum hesablara pul köçürənlər var.

Elə isə onlara əsil həqiqəti biz çatdıraq: Pultoplama kampaniyasında xüsusi fəallıq göstərən Nahid Cəfərlinin dediyinin əksinə olaraq, toplanan yardımdan təyinatı üzrə istifadə olunmayıb. Belə ki, özünü “satirik şair” adlandıran, əslində isə narkotik alverçisi olan və buna görə hazırda məhbus həyatı yaşayan Tofiq Həsənlinin ailəsinə heç bir manat da gəlib çatmayıb. Sən demə, yığılan pul haqqında danışdığımız şəxsin əvvəllər yaşadığı qadına göndərilibmiş. Maraqlısı ondan ibarətdir ki, bu qadının uzun illərdir Tofiq Həsənli ilə heç bir əlaqəsi yoxdur. Bir sözlə, davamlı Tofiq Həsənliyə baş çəkən, ona sovqat aparan əsil ailəsi qalıb bir qıraqda, yığılan pullara illər əvvəl birgə yaşadığı qadın yiyələnib.

Lakin məsələnin ən maraqlı tərəfi başqadır. Belə ki, nəyə görəsə bu yanlışlıq Nahid Cəfərov və kampaniyada fəallıq göstərən digər şəxslər tərəfindən gizlədilir. Əslində niyəsi bizə bəllidir. Qoy deyək, xaricdəki həmyerlilərimiz də agah olsunlar. Haqqında danışdığımız şəxs yığdığı avroların sahiblərinə hesabat verməlidir axı... Görünür, soydaşlarımıza doğru-düzgün hesabat vermək Nahid Cəfərova xeyli çətin gəlib. Buna görə də həqiqəti söyləməkdənsə, həmyerlilərimizi aldatmaq yolunu seçib.

Həmyerlilərimizə bildirmək istərdik ki, Nahid Cəfərov kimi şəxsi mənfəət arxasınca qaçanların təbliğatına uymasınlar. Hələ bu, üzə çıxanlardır. Yatırdığınız pullar Allah bilir, başqa kimlərin hesabına köçürülüb.

Digər tərəfdən, pulun verən də axı fikirləşməlidir ki, yardım etdikləri məhbusları digərlərindən fərqli edən nədir. Bəlkə digər məhkumların ailələri Əfqan Muxtarlı və Tofiq Həsənlininkilərdən daha varlıdır? Başa düşürük, yardım etmək savabdır, amma gərək bu işdə ayrı-seçkilik etməyəsən. Bir narkotik alverçisinin digər məhbuslardan fərqli tutulması bərabərlik hüququnun pozulması deyilmi? Bu suallara Avropada yaşayan liberal düşüncəli gənclərimizin cavab verməsini istərdim.

Ceyhun Əhmədli
AzVision.az



Teqlər: #Tofiq-Həsənli   #Nahid-Cəfərli  





Xəbər lenti